Qəlbə işləyən, insanı qəlb əhli edən elm insana fayda verir. Yalnız bədənə təsir edən, insan üçün dəyərli olmayan elm yükdən ibarətdir.
Tanrı “Yahmilü əsfara-Tövratı öyrənib ona əməl etməyənlər kitab daşıyan eşşəyə bənzəyir” dedi.
Tanrıdan vasitəsiz olaraq verilməyən elm gəlini bəzəyən qadının ona vurduğu boya kimi əbədi qalmaz, uçub gedər.
Lakin bu yükü yaxşı daşısan, yükünü alarlar, rahatladarlar. Nəfs və həvəs uğrunda o məlumat yükünü daşıma ki, içindəki elm anbarını görə biləsən.
Elmin rəhvan atına mindikdən sonra belindən yükü alarlar.
Tanrı qədəhi olmadıqca nəfs və həvəslərdən necə keçəcəksən? Ey Tanrıya aid yalnız “Hu” isminə qane olan!
Simadan, addan nə doğur? Xəyal! O xəyal sahibinə ancaq vüslət dəlili olur.
Mənası, məqsədi olmayan bir yol gördünmü? Yol olmadıqca qətiyyən gül də olmaz.
Həqiqəti olmayan bir ad heç gördünmü? Yaxud Kaf və Lam hərflərindən qızılgül yığdınmı?
Madam ki, adı oxudun müsəmmanı (adı qoyulan əşya və ya şəxs) da axtar. Ayı göydə axtar, dərədə yox!
Addan və hərfdən keçmək istəsən dərhal özünü özündən tamamilə arındır (yox ol!).
Dəmir kimi dəmirlikdən çıx, rəngsiz ol. Riyazətdə tozsuz, passız güzgü ol.


