Küfr şəriətə çevrilər

Dinə uyğun olmayan izahlar 8 Oktyabr 2016 23:31 798

Küfr şəriətə çevrilər

Fəridəddin Əttarın –Tanrı ruhunu təqdis etsin-sözünün təfsiri

“Ey qafil! Sən nəfs əhlisən, torpaq içindən qan iç! Amma könül sahibi insan zəhər belə yesə, o zəhər bal olar.”

Könül sahibi insan açıq-aydın öldürücü zəhər belə yesə, ona ziyan verməz.

Çünki o sağalmış, pəhrizdən qurtulmuşdur. Amma yazıq talib (kamala çatmamış, bir yola girən insan) hələ də hərarət içindədir.

Peyğəmbər buyurdu ki: “Ey cürətli talib! Əsla heç bir mətlubla mübahisə etmə!

Səndə Nəmrudluq var, oda atılma. Atılacaqsansa əgər, əvvəlcə İbrahim ol!

Madam ki, sən nə üzgüçüsən, nə də dənizçi.. ağlına uyub özünü dənizə atma!

Üzgüçü və dənizçi dənizdən inci çıxarar, ziyanlardan belə bir çox faydalar əldə edər.

Kamil torpağı tutsa, qızıl olar, naqis qızılı əlinə alsa, toz-torpağa çevrilər.

O əsil igid, Tanrı ondan razı olmuşdur. Bütün işlərdə onun əli Tanrının əlidir.

Naqis kimsənin əli isə Şeytanın, iblisin əlidir. Çünki şeytanın təklif və hiylə tələsinə düşmüşdür.

Kamilə görə bilgisizlik belə bilgi olur, naqisin bildiyi bilgi isə bilgisizliyə çevrilir.

İllətli bir kəs nə tutsa, illət olar. Kamil kafir belə olsa, o küfr din və şəriətə çevrilər.

Ey piyada olduğu halda, süvari ilə yarışa girən kəs! Sən bu yarışda qalib gəlməyəcək, onu keçməyəcəksən.  Ən yaxşısı, dayan!